Zoğ və tumurcuğun quruluşu. Tumurcuğun inkişafı.

Zoğ və tumurcuğun quruluşu. Zoğ – gövdə, yarpaq və tumurcuqlardan ibarətdir. Tumurcuq xaricdən tumurcuq pulcuqları ilə örtülmüşdür. Tumurcuq pulcuqları şəklini dəyişmiş yarpaqlar olub zoğu mühitin əlverişsiz təsirlərindən qoruyur. Tumurcuq pulcuqlarının altında rüşeym halında gövdəcik və onun üzərində rüşeym halında yarpaqcıqlar yerləşir. Yarpaqların qoltuğunda çox kiçik rüşeym tumurcuğu olur. Zoğ təpə hissəsində zərif törədici toxumaya malikdir. Bu, böyümə konusu adlanır.

Zoğ.
Tumurcuğun növləri. Zoğ üzərində yerləşməsinə görə tumurcuqları təpə və yan tumurcuqlarına ayırırlar. Təpə tumurcuğu – zoğun təpə hissəsində yerləşir. Ondan əsas gövdə inkişaf edir. Yan tumurcuqlar zoğun yan hissəsində yerləşir. Onlardan budaqlar əmələ gəlir. Yarpağın zoğa birləşən hissəsi – buğum, iki buğum arasında qalan məsafə isə buğumarası adlanır.
Yarpaqla gövdə arasında qalan bucağa yarpaq qoltuğudeyilir. Burada yerləşən yan tumurcuqlar qoltuq tumurcuğuadlanır. Yan tumurcuqlara yarpaq qoltuğundan kənarda – buğumarasında, kökün və ya yarpağın üzərində də rast gəlinir. Bunlara əlavə tumurcuqlar deyilir. Bəzən yan tumurcuqların bəziləri bir neçə il inkişaf etmir və sakitlik halı keçirir. Belə tumurcuqlar yatmış tumurcuqlardır. Onlar lazım gəldikdə sürətlə inkişaf edərək məhv olmuş tumurcuqları əvəz edir.

Vegetativ və generativ tumurcuqlar. İnkişaf tipinə görə tumurcuqlar vegetativ və generativ tumurcuqlara bölünür. Vegetativ tumurcuq kiçikdir. İçərisində rüşeym halında gövdə, yarpaq və tumurcuq başlanğıcı olur. Belə tumurcuqlardan yarpaq və tumurcuğa malik vegetativ zoğ meydana gəlir. Generativ tumurcuq, adətən, iri olur. Bu tumurcuqdakı törədici toxumadan, adətən, çiçək qrupu və ya tək çiçək inkişaf edir.

Tumurcuğun inkişafı. Yazda zoğ üzərində əvvəl tumurcuqlar şişir. Tumurcuğun daxilində onun bütün hissələrinin, xüsusən yarpaq və buğumaralarının sürətlə böyüməsi baş verir. Tumurcuq pulcuqları bir müddət qapalı olur. Sonra onlar aralanır və cavan zoğun yarpaqları görünür. Tumurcuq pulcuqları tumurcuğun açılmasından sonra tökülür. Tumurcuq pulcuğunun tökülən hissəsində həlqəşəkilli çapıq qalır ki, bu da tumurcuq həlqəsi adlanır.

Bir şərh yazın