Çiçəkli bitkilərin əsas orqanları.

Çiçəkli bitkilərin əsas orqanları. Bitkilər – kök, gövdə, yarpaq, çiçək, toxum, meyvə kimi hissələrdən təşkil olunur. Bunlar bitki orqanizminin əsas orqanlarıdır. Bitkinin orqanları yerinə yetirdikləri funksiyalarına görə iki qrupa bölünür – vegetativ və generativ orqanlar.
Vegetativ orqanlar. Kök, gövdə və yarpaq çiçəkli bitkilərin əsas vegetativ orqanlarıdır. Kökün əsas vəzifəsi bitkini torpağa bərkitmək, torpaqdan suyu və suda həll olmuş mineral maddələri sormaq, həmin maddələri bitkinin yer üstü hissəsinə ötürməkdir.

Bəzi hallarda kök özündə qida maddələri toplayır. Gövdə üzərində yarpaqlar və tumurcuqlar olur. Onun cavan hissəsi isə zoğ adlanır. Gövdənin əsas funksiyaları bitkinin kökü ilə yarpaqları arasında əlaqə yaratmaq, budaqları və yarpaqları işığa çıxarmaqdır. Yarpaq vasitəsilə bitkidə üzvi maddələrin hazırlanması, suyun buxarlanması və qaz mübadiləsi həyata keçirilir. Yarpaqda əmələ gələn üzvi maddələr hesabına bitki öz bədənini qurur.

1.jpg

1. Zoğ (gövdə)
2. Yarpaq 3.Kök

Generativ orqanlar. Çoxalma prosesində iştirak edən orqanlara – çiçək, toxum və meyvə aiddir. Çiçək – şəklini dəyişmiş və qısalmış zoğdur. Әn mühüm hissələri dişicik (dişi cinsiyyət orqanı) və erkəkcikdir (erkək cinsiyyət orqanı). Bu orqanlarda əmələ gələn cinsiyyət hüceyrələri birləşərək ziqot (yun.– “birləşən cütlük”) yaradır. Ziqotdan isə bitkiyə başlanğıc verən rüşeym əmələ gəlir. Toxum – içərisində rüşeymə və ehtiyat qida maddəsinə malik orqandır. Meyvəyanlığı – toxumu xarici təsirlərdən qoruyur və onun yayılmasını təmin edir.

2.jpg

 

 

Bir şərh yazın